Fransa Senatında cəmi bircə ağıllı adam var imiş - 99 faiz Makronlaşdı...
Sahil Kərimli: “Bundan sonra da Azərbaycan dövləti Fransaya qarşı öz qəti mövqeyini ortaya qoyacaq”
Fransa Senatında Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edilib. Layihənin lehinə 295 səs, əleyhinə isə 1 səs verilib.
Görünən budur ki, Fransa münasibətlərin korlanması üçün ən son addımı da atdı, bundan sonra nə gözlənilir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa Senatının bu qərəzli və ədalətsiz qətnaməsi, qəbul etdiyi qərar son aylarda gərginləşən münasibətlərimizə çox böyük bir zərbə olacaq: “Fransadan başqa nə gözləmək olardı? O, işğalçılığı, separatçılığı dəstəkləyən, müstəmləkəçi siyasət yürüdən bir ölkə imicini çoxdan formalaşdırıb. Bu gün bu siyasət Cənubi Qafqazda, xüsusilə Azərbaycana qarşı özünü çox ciddi şəkildə büruzə verir. Fransa Ermənistanı da təkləməklə, silahlandırmaqla Cənubi Qafqazda öz məkrli, riyakar planlarını həyata keçirmək istəyir. Ona görə də, Azərbaycana qarşı qəbul edilən bu ədalətsiz qətnamə bu siyasətin bariz göstəricilərindən biridir. Əlbəttə ki, bu gün Fransa dünyada hər ötən gün imicini itirən bir vəziyyətə düşür. Xüsusilə də Makron hakimiyyəti Fransa dövlətini gözdən salan bir siyasət yürüdür. Bu təkcə Azərbaycana qarşı deyil, bir çox ölkəyə aiddir. Onun məkrli, standart siyasəti göz qabağındadır. Bundan sonrakı münasibətlər necə olacaq? Münasibətlərin daha da gərginləşməsinin şahidi olacağıq. Azərbaycan haqlı olaraq öz müstəqil, suveren, milli maraqlara söykənən mövqeyindən bir addım da geri çəkilməyəcək. Əksinə, bu qətiyyətli mövqe daha da möhkəmlənəcək. Bundan sonra da Azərbaycan dövləti Fransaya qarşı öz qəti mövqeyini ortaya qoyacaq.
Xatırladaq ki, Fransanın son illərdə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında bir necə dəfə qətnamə qəbul etdirmək təşəbbüsü iflas olub. Yenə belə analoji səylərin göstərilməyəcəyinə isə, əlbəttə, zəmanət yoxdur. Bu qəbildən qətnamələrə rəsmi Bakı öz prinsipial mövqeyini dəfələrlə bəyan edib: təhdid yolu ilə, təzyiq və hədə-qorxu ilə Azərbaycandan nəsə qoparmaq istəyi əbəsdir”.
Görünən budur ki, Fransa və onun təsiri altında olan təsisatların məhz bu ərəfədə hücuma keçmələri təsadüfi deyil. Avropa Parlamenti Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməyəcəyi ilə bağlı qərar verib.
Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun (DEG) həmsədrləri, deputatlar Devid MakAllister və Tomas Tobenin yaydıqları bəyanata, həmçinin, Avropa Parlamentin nə seçki prosesi, nə də seçkilərin nəticələri barədə şərh verməyəcəyi əlavə olunub.
Bəyanat əslində Avropa İttifaqının növbəti dəfə rəsmi Bakı ilə münasibətlərində normal dialoq yox, qeyri-konstruktiv yanaşma sərgilədiyini göstərir. Aydın görünür ki, Avropa İttifaqının Fransa kimi bəzi üzvləri və qanunverici orqanı sayılan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, müstəqil və heç bir kənar təsirə boyun əyməyən xarici siyasəti və iqtisadi gücünün artması fonunda narahatlıq keçirir. Burada əsas hədəflərdən birinin Azərbaycanla Avropa İttifaqı arasında aparılan dialoqa zərbə vurmaq olduğu da diqqətdən qaçmamalıdır.
Məhəmmədəli QƏRİBLİ