İsraildə hərbi kabinetin iclasında gərginlik - nazir Netanyahu ilə mübahisə edib iclası tərk etdi...
İsrailin müdafiə naziri Yoav Qallant ölkənin baş naziri Benyamin Netanyahu ilə mübahisədən sonra Təl-Əvivdəki Kirya hərbi bazasında hərbi kabinetin iclasını tərk edib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Qallant Netanyahunun köməkçilərinin iclasda iştirak etməsinə baxmayaraq, onun köməkçilərinin görüşə buraxılmamasından narazı qalıb və mübahisə edərək zalı tərk edib.
Qəzəblənmiş müdafiə naziri iclası tərk etməzdən əvvəl Netanyahuya və milli təhlükəsizlik üzrə müşavir Tzachi Hanegbiyə “işimə mane olmağı dayandırın” deyib.
Qeyd olunur ki, Qallant daha sonra geri qayıdıb və yalnız hərbi kabinet üzvlərinin iştirak etdiyi iclasın qapalı hissəsində iştirak edib.
İsrail mətbuatının məlumatına görə, Qəzza zolağına davam edən hücumlar və Qəzzanın gələcəyi ilə bağlı baş nazir Netanyahu ilə müdafiə naziri Qallant arasında fikir ayrılıqları var.
TAHİR