Bakı-İrəvan sülhünə ədalətli yanaşan yeganə avropalı diplomat oyundan çıxır...
Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, Şarl Mişelin vəzifəsindən getməsi ciddi problem yaratmayacaq”
Avropa Şurasının prezidenti Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk etməyi və Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Mişelin Avropa Şurasının prezidenti kimi mandatı 2024-cü ilin noyabrında başa çatır, lakin o, jurnalistlərə deyib ki, Avropa Şurası və parlamentdəki işi birləşdirə bilməz. O, iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir. “Politico” qeyd edib ki, Mişel Avropa Parlamentinə deputat seçilərsə, Aİ liderləri Avropa İttifaqı Şurasındakı vakant posta tez bir zamanda namizəd tapmalı olacaqlar. Əgər buna nail ola bilməsələr, iyul ayında Macarıstan Aİ Şurasına sədrlik edəcəyi üçün rəhbərlik Macarıstanın baş naziri Viktor Orbana keçəcək. Amma bu, bir çox Avropa liderlərinin ürəyincə deyil.
Ümumilikdə, Mişel iyun ayında vəzifəsindən gedəcəksə və o vaxta qədər Azərbaycan-Ermənistan normallaşma prosesi yekunlaşmayacaqsa, Şarl Mişel kimi nisbətən vasitəçi olaraq obyektiv mövqe tutan bir adamın prosesdən uzaqlaşması Bakı-İrəvan normallaşma prosesinə nə kimi mənfi təsirlər göstərə bilər?
“Vasitəçi olmadan iki dövlət prosesi irəliyə apara və yekunda sülh sazişi imzalaya bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, əlbəttə ki, Azərbaycanla Ermənistan arasında müəyyən bir neytral mövqe tutmuşdu və prosesi irəliyə doğru aparırdı. Eyni zamanda, Mişel Borrel və digər Avroittifaq rəsmilərindən fərqli olaraq qərəzli mövqe sərgiləmirdi. Bütün bunlarla yanaşı, artıq Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar gedir. Tərəflər sülh sazişinin 70 faizini razılaşdırıblar. Bu baxımdan hesab edirəm ki, nə Avropa İttifaqının, nə də digər tərəfin iki ölkə arasında vasitəçiliyinə elə bir ciddi ehtiyac qalıb. Çünki tərəflər vasitəçi olmadan əsirlərin dəyişdirilməsini təmin etdilər. Vasitəçi olmadan beynəlxalq təşkilatlarda bir-birinə güzəştə getdilər. İki ölkə hökumətinin icra aparatları birgə bəyanat qəbul ediblər. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan ikitərəfli danışıqlarda irəliləyişə nail ola bilir. O baxımdan hesab edirəm ki, Şarl Mişelin vəzifəsindən gedəcəyi ciddi problem yaratmayacaq. Avropa İttifaqı Şurasının prezidentinin kim olmasından asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında bir sıra razılaşmalar var. Yəni vasitəçi olmadan iki dövlət prosesi irəliyə apara və yekunda sülh sazişi imzalaya bilər. Lazım gəlsə sülh sazişi Tbilisidə də imzalana bilər. Nəzərə almaq lazımdır ki, Fransanın pozucu siyasəti ucbatından Azərbaycan 2 dəfə Brüssel vasitəçiliyindən imtina edib. Bütün hallarda Azərbaycan ikitərəfli danışıqlarda maraqlıdır və bu proses çərçivəsində uğur qazanmaq olar”.
Vidadi ORDAHALLI