Xarici turistlər Azərbaycanda nağdsız ödənişlərdən niyə qaçırlar? - Həyəcanlı rəqəmlər...
Pərviz Heydərov: “Ölkəmizə gələn turistlər arasında rusiyalılar çoxdur, amma rusiyalı turistlər öz kartları ilə alış-veriş edə bilmirlər”
Əcnəbi turistlərin ölkəmizdə etdiyi nağdsız ödənişlərdə azalma müşahidə olunur. Ancaq turistlərin sayında isə əksinə, sürətli artım qeydə alınır.
Onu da qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1,2 milyard manatlıq əməliyyat aparıblar. Ötən ilin eyni dövründə isə bu rəqəm 1,3 milyard manat təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na görə, bu da illik müqayisədə 7,7 faiz azdır. Azərbaycana gələn turistlərin sayındakı artımla nağdsız ödənişlərin azalması tendensiyası arasındakı ziddiyyətin səbəbi nədir?
“Nağdsız ödənişlərin qəbulu üçün bəzi hallarda pos-terminalların işləməməsi, yaxud müxtəlif bəhanələrlə təqdim edilməməsi də rəqəmlərə öz təsirini göstərib”
Iqtisadçı ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə xüsusi diqqət edilməlidir. Bu məsələ turizmdən gələn gəlirin uçotdan kənara düşməsi kimi qəbul olunmalıdır: “Məlumdur ki, nağdsız ödənişlərdə dövriyyəyə nəzarət etmək daha asan və mümkün olur. Ancaq nağd ödənişlərdə dövriyyəyə birbaşa nəzarət etmək və büdcəyə daxil olacaq rüsumlara diqqət etmək çətin olur”.
Ekspert hesab edir ki, ölkəyə gələn turistlərin müvafiq xərclərinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunmalıdır: “Onu da deyim ki, son vaxtlar Azərbaycana gələn turistlər daha kasıbdır. Ötən il gələn turistlər arasında ərəblər daha çox idi. İndi ərəb turistlərin sayında azalma müşahidə olunur. Ölkəmizə gələn turistlər arasında rusiyalılar çoxdur. Amma rusiyalı turistlər öz kartları ilə alış-veriş edə bilmirlər. Kartların vaxtı bitir və fəaliyyəti dayandırılır. Statistikaya bunun da təsiri ola bilər. Nağdsız ödənişlərin qəbulu üçün bəzi hallarda pos-terminalların işləməməsi, yaxud müxtəlif bəhanələrlə təqdim edilməməsi də rəqəmlərə öz təsirini göstərib. Bu da nağdsız ödənişlərin azalmasına gətirib çıxaran amillərdəndir”.
Günel CƏLİLOVA