Özəl pensiya fonduna rəsmi start verildi...
Vüqar Bayramov: “Özəl pensiya fondunun yaradılması pensiyaçıların sosial təminatının gücləndirilməsi baxımından vacibdir”
Uzun müddət idi ki, ölkəmizdə özəl pensiya fondunun yaradılacağı ilə bağlı rəsmi açıqlamalar verilirdi. Qeyd edilirdi ki, dövlət pensiya fondları ilə paralel olaraq özəl pensiya fondunun fəaliyyətinə də ehtiyac var və bu təsisatın yaradılması nəzərdən keçirilir.
Bugünlərdə Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda bir sıra ölkələrdə, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.
Bu fond hansı şəkildə yaradılacaq, proqramı necədir? Bu fondun perspektivi necə olacaq? Ümumiyyətlə, özəl pensiya fondu nə deməkdir? Əhəmiyəti nədir?Dövlət pensiya fondu ilə onun fərqi nə olacaq? Bunun üstünlükləri nədir? Hansı ölkələrin təcrübəsindən istifadə olunur?
“Bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də artıq ilkin mərhələdə işlər gedib”
Millət vəkili Vüqar Bayramov bu barədə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, özəl pensiya fondunun yaradılması məsələsi uzun müddətdir müzakirə olunur. “Nəzərə alsaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən artıq qanunvericilik aktının uzlaşdırılması ilə bağlı işlərin getdiyini bildirmişdi. Yəni bu o deməkdir ki, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də artıq ilkin mərhələdə işlər gedib. Özəl pensiya fondları inkişaf etmiş ölkələrin əksəriyyətində fəaliyyət göstərir. Təbii ki, bu fondlar vətəndaşlar üçün həm dövlət, həm də özəl pensiya fondlarında yığım imkanı deməkdir. Bütövlükdə özəl pensiya fondlarının üstünlüyü ondan ibarətdir ki, banklarla əməkdaşlıq edən və həmin banklara ödəniş edən vətəndaşlar daha sonra, yəni pensiya yaşı tamam olan zaman iki mənbədən pensiya almaq imkanına malik olur. Bu, təbii ki, onların pensiya məbləğlərinin artmasına gətirib çıxarır”.
V.Bayramovun sözlərinə görə, məsələn, vətəndaş həm dövlət pensiya fonduna ödəniş edirsə və eyni zamanda da özəl pensiya fondu ilə əməkdaşlıq edərək ona ödəniş edirsə, vətəndaşın pensiya yaşı tamam olanda onun dövlət tərəfindən müəyyənləşdirilmiş pensiyası 500 manatdırsa, o ödədiklərinə uyğun olaraq özəl pensiya fondundan, tutalım, 300 manat ala bilər. “Nəticə etibarı ilə artıq onun pensiya məbləği 500 manat deyil, 800 manat ola bilər. Ona görə də vətəndaşlarımız üçün pensiya məbləğinin artması iki mənbədən pensiya alması baxımından vacibdir. Xüsusən, pensiya yaşında həmin vətəndaşlarımızın pensiya təminatının gücləndirilməsinə və bu kontekstdə sosial müdafiə təminatının gücləndirilməsinə də imkan yaradacaq. Qanun layihəsi təqdim edildikdən sonra qaydaları bölüşmək mümkün olacaq. Amma bütövlükdə özəl pensiya fondunun yaradılması pensiyaçıların sosial təminatının gücləndirilməsi baxımından vacibdir” - deyə millət vəkili qeyd etdi.
İradə SARIYEVA