Əliyev Paşinyanı Qərbi azərbaycanlıların qayıdışı ilə razılaşmaq zorunda qoydu, əks halda...
Məhərrəm Zülfüqarlı: “Azərbaycanlılar qayıtdıqdan sonra ermənilər Qarabağa qayıda bilər”
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində dedi ki, Ermənistanın hər iki milli azlığa eyni yanaşması zəruridir:
“Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığın məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquq və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik”.
Bu, əslində çox aydın mövqedir. Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıtmasını istəmirsə, biz də Qarabağ ermənilərinin qayıtmasına qarşıyıq. Bu şərtlərin heç birinin olmaması isə sülh sazişinin imzalanmasını yaxınlaşdırır və vəziyyəti xeyli dərəcədə sadələşdirir. Ümumilikdə, belə bir vəziyyət sülh sazişinin imzalanması ilə bağlı perspektivə necə təsir edəcək?
“Bu olmadan hansısa sazişdən söhbət gedə bilməz”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Prezidentin qeyd etdiyi məsələ çox taleyüklü məsələdir: “Məsələ ondadır ki, SSRİ-nin dağılmasında Qərb maraqlı idi. Proses gedən vaxt insan haqları pozulurdu, insanlar yerlərindən didərgin salınırdı, amma Qərb bunu görməzdən gəlirdi. Həmin dövrdə azərbaycanlılar Ermənistandan, Qarabağdan kütləvi və zor gücünə qovuldular. Özü də bütün bunların baş verməsində sovet qoşunları mühüm rol oynayırdılar. Buna hansısa formada mane olmurdular. Bax belə bir şəraitdə azərbaycanlılar öz yurdlarından didərgin salındılar. Buna da dünya elə bir ciddi reaksiya vermədi. 1988-1993-cü illərdə 1milyonadak azərbaycanlı zorla qovuldu. 2023-cü ilin 19 sentiyabr antiterror tədbirlərindən sonra isə sayı heç 100 min olmayan Qarabağ ermənisi öz xoşu ilə, rahat şəkildə avtomobillərlə bölgəni tərk etdilər. Ancaq bizimkilər əraziləri qarda-boranda ayaqyalın tərk etmişdilər. İndi Azərbaycan qalib tərəfdir və 30 əvvəlki zəif dövlət deyil. Əvvəl bizi işğalla barışmağa məcbur edirdilər, indi isə bizə yalvarırlar. Ona görə də Azərbaycanın mövqeyi ədalətlidir. Əgər erməni azlığından söhbət gedirsə, Ermənistanda da Azərbaycan milli azlığı olub və konkret yaşadığı ərazilər olub. Çünki tarixi Azərbaycan torpaqlarında yaşayıblar. Əgər Qərb doğrudan da obyektivliyin, insan haqlarının tərəfdarıdırsa, birinci növbədə azərbaycanlı qaçqınlar geri qayıtmalıdır. Çünki 30 ildən artıqdır ki, onlar Qərbi Azərbaycandan qovulublar. Ona görə də azərbaycanlılar Qərbi Azərbaycana qayıtdıqdan sonra ermənilər Qarabağa qayıda bilər. Bu olmadan hansısa sazişdən söhbət gedə bilməz. Sülh sazişi olacaqsa, o zaman bu şərtlərin heç biri orada olmamalıdır”.
Vidadi ORDAHALLI