.jpg)
Parlament seçkiləri ərəfəsində birlik niyyəti heç cür alınmayan müxalifət partiyaları arasında daha bir ziddiyyət yaranmaqdadır. Bu, Müsavat Partiyası tərəfindən irəli sürülən yeni birlik modelilə bağlıdır. Xatırladaq ki, bu günlərdə sözügedən partiya 2010-cu il parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı Rəsulzadə-Elçibəy ideyasına sadiq partiyaların birliyinin yaradılması təklifini irəli sürüb.
Bu sırada isə ilk olaraq Müsavat, AXCP, KXCP-nin adları qeyd olunub. Bildirilib ki, belə birliyə digər partiyaların, ictimai təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun sayılır.
Lakin görünür, Müsavat Partiyasının ortaya atdığı "Rəsulzadə-Elçibəy yoluna sadiq partiyalar" birliyi ideyası digər müxalif partiyalar tərəfindən heç də birmənalı qarşılanmayıb. Məsələn, "Azadlıq" blokun adaxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sözügedən məsələni "milli. az" portalına şərh edərkən bunu "cəmiyyətə ötürülən piar xarakterli məsələ" kimi dəyərləndirib: "Rəsulzadə irsi heç bir partiyanın şəxsi mülkiyyəti deyil. Rəsulzadə Azərbaycanın qurucusudur, onun tarixi irsi, Azərbaycan xalqına bəxş etdikləri hamıya məxsusdur. Heç kim, heç bir partiya özünü onun varisi elan edib cəmiyyətə sırıya bilməz. O ki, qaldı Elçibəyə, o da bu gün AXCP-nin varisi olduğu təşkilatın rəhbəri olub. Bu partiya isə "Azadlıq" blokunun həmtəsisçisidir. Göründüyü kimi, Müsavat Partiyası haqsızlığa yol verir və hansısa sahələrdə monopoliya yaratdığını göstərmək istəyir. Rəsulzadə yolu Azərbaycanın bütün demokratik qüvvələrinin, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində maraqlı olan bütün qüvvələrin yoludur. Hakimiyyətdə, YAP-da dövlətçiliyə xidmət edən insanlar var. Ona görə də Rəsulzadəni bir partiyanın inhisarına almaq cəhdi gülünc, əsası olmayan cəhddir. Bu cür aldadıcı tezislərlə cəmiyyəti səhv istiqamətə yönəltmək uğursuzluğa uğrayacaq"".
Müsavat Partiyası isə məsələyə bir qədər fərqli prizmadan yanaşır. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Vətəndaş və İnkişaf Partiyası sədrinin açıqlamasını cavablandırarkən Ə.Əliyevin onların təklifini başa düşmədiyini bildirib: "Əslində bizim verdiyimiz təklifin mahiyyətinə diqqət yetirilsə, aydın görünəcək ki, Rəsulzadəni inhisara almaq iddiasından uzağıq. Əksinə, bütövlükdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların Rəsulzadə-Elçibəy ideyaları ətrafında birləşməsini təklif edirik".
A.Hacılı sözügedən portala açıqlamasında vurğulayıb ki, Rəsulzadəni inhisara lmaqları ilə bağlı ittihamın heç bir əsası yoxdur: "Biz Rəsulzadəni inhisara alsaydıq, elə deyərdik ki, Rəsulzadə ardıcılları, onun irsinə sadiq olanlar məhz Müsavat Partiyasındadır. Bu ideyalara bağlı olanların bir araya gəlməsini təklif ediriksə, deməli biz digər qüvvələrin də mövcudluğunu, Rəsulzadə yolunun davamçılarının Müsavatın spektrindən də geniş miqyası əhatə etdiyini qəbul edirik. Görünür, Əli Əliyev təklifimizin mahiyyətini başa düşməyib".
Müstəqil ekspertlər isə bildirir ki, baş verənlər əslində müxalifətdaxili ziddiyyətlərin növbəti təzahürü kimi dəyərləndirilə bilər. Çünki faktiki olaraq bu, müxalifətin artıq daha böyük ziddiyyətlər məcrasına yuvarlandığını göstərir. Digər tərəfdən o d avurğulanır ki, proseslərin ümumi gedişi bir daha müxalif qüvvələrin birlik yox, parçalanmış şəkildə seçkilərə qatılacağını göstərir. Artıq bilindiyi kimi, "Azadlıq" bloku ilə Müsavat Partiyasının bir araya gəlməsi mümkünsüzləşib. Eyni zamanda blokla Demokratiya Uğrunda İttifaqın (DUİ) yeni birlik, yaratması da ciddi sual altındadır. Xatırladaq ki, "Azadlıq" bloku Demokratiya Uğrunda İttifaqın parlament seçkiləri ərəfəsində birgə müzakirələr aparmaqla bağlı müraciətinə mənfi cavab verib.
Blok Müsavat Partiyası, "Azadlıq" və DUİ formatında müzakirələrin aparılmasını mövcud psixoloji vəziyyət şəraitində məqsədəuyğun hesab etməyib. İstisna olunmur ki, "Azadlıq" bloku digər siyasi qüvvələrlə birlik yaratmağa can atacaq. Bunu Əli Əliyevin mediaya verdiyi açıqlamalar da təsdiq edir: "Biz taym-aut götürmüşük.
Bu həftənin sonunda partiyaların kollegial iclaslarında blokun qərar layihələri müzakirə olunacaq. Daha sonra seçki blokunda əməkdaşlıq etməyi planlaşdırdığımız partiyalarla, onların rəhbərliyilə görüşlərimiz olacaq. Gələn həftənin əvvəllərində isə "Azadlıq" blokunun növbəti iclasını keçirib, yaradacağımız blok və ümumiyyətlə seçki ilə bağlı qərarlarımızı ictimaiyyətə açıqlayacağıq".