Ekologiya və təbii sərvətlər naziri: "Qoy... bulvarda domino oynaya-oynaya qocalsınlar"
.jpg)
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov APA-ya müsahibəsində "Gədəbəydə qızıl-mis emalı zavodunun işə düşməsindən sonra rayon sakinləri Gədəbəydə radiasiyanın artmasından və zərərli tullantıların Zəyəm çayına axıdılmasından şikayətçidir..." barədə suala belə cavab verib: "Hazırda bununla bağlı araşdırma aparılır.
- Son zamanlar Bakının mərkəzi hissələrində binaların qaşınması prosesi sürətlə aparılır. Bu paytaxtın ekologiyasına nə dərəcədə ziyandır? Nazir kimi buna etiraz bildirmisinizmi?
- Sözsüz ki, bu proses paytaxtın ekologiyasına təsir edir. Bu, əsasən işi görən şirkətlərdən asılı məsələdir. Görülən işlər bir tərəfdən paytaxtı gözəlləşdirir, digər tərəfdən isə şirkətlər, daha bahalı müasir texnologiyalar əvəzinə, bəsit texnologiyalara üz tutur, qənaət edir. Bu məsələdə razıyam sizinlə. Dəfələrlə onlar cərimə də olunub, bu sahədə müvafiq işlər də aparılıb. Amma eyni zamanda, bizim məqsədimiz bu işi dayandırmaq olmayıb. Başa düşürük ki, bu, ölkənin xeyrinə olan bir prosesdir. Onu da qeyd edək ki, artıq bu proses - binaların restavrasiyası başa çatır. Tezliklə küçələrin döşəmə daşlarının yeniləşdirilməsinə başlanacaq, yəni bu problemin də ömrünə az qalıb. Razıyam ki, mənim dediyim sözlər çıxış yolu deyil, şirkətlər gərək bu məsələyə ekoloji cəhətdən daha məqsədyönlü yanaşaydılar.
- Antarktidaya, And dağlarına səfəriniz birmənalı qarşılanmadı. Bu səfərlər Azərbaycana nə verdi?
- Bu səfərlərə çəkilən xərcləri Qərb universiteti ödəyib. Universitetin elmi ekspedisiyaya dəstək verməsi təbiidir. Eyni zamanda, gəncləri gözüaçıq etmək istəyir, eləcə də istəmir ki, hansısa millətlərdən geri qalaq. Universitet rəhbərliyi belə fikirləşir və bu zaman qanunu da pozmur. Kimlərsə universitetin bu vəsaiti niyə xərclədiyi sualını verirsə, bu ədəbsizlik deyilmi? Dövlətdən bir qəpik götürülmür, nazir də öz məzuniyyətində gedib çadırda çox çətin və ekstremal şəraitdə bu işlə məşğul olur. Necə olur ki, Norveçdə, Polşada bu şərəf gətirən bir iş olur, bizdə yox? Əslində, ölkəmizdə bizim fəaliyyətimiz çox rəğbətlə qarşılanır. Bir neçə paxıl və ya düşüncəsində geri qalmış insan ictimai rəy deyil. And dağlarının ətəyində bir məzarlıq var. Orada bir polşalının da məzarı var. O, 1940-cı ildə həlak olub. Həmin vaxt Almaniya ilə SSRİ Polşanı öz aralarında bölmüşdü. Polşalıların vətəni yox olmuşdu, o isə həmin dağa gedirdi. Məgər dəli idi o? Həmin polşalının həmvətənləri sonradan gəlib onun məzarında minnətdarlıqla belə yazıblar: "Sən vətənimizin donmuş bayrağı əlində burada əbədi uyuyursan".
Mən o səfərlərə nazir kimi getməmişəm. Adi vətəndaş kimi, 30 kq-lıq çantam arxamda, xüsusi paltarım əynimdə, 4 kq-lıq ağır çəkmələrim ayağımda ayaq döyüb öz işimi görmüşəm.
Akonkaquada "2010 Azərbaycanda Ekologiya ili - yaşıl dünya naminə" transporantı açıldı. Bununla biz göstəririk ki, Azərbaycanda bir ağac əkməklə bütün dünyaya kömək edirik. Balaca bir ölkə olan Azərbaycan artıq karbon birləşmələrini iki dəfə azaldıb. 3 milyon ağac əkməklə bunu daha da azaltmağa can atır. Biz çalışırıq bunu elə bir yerdən səsləndirək ki, eşidilsin. Eşidilir də. Rus saytlarından başqa heç kim buna ikimənalı qiymət vermir. Birmənalı qiymət verirlər, "əhsən" deyirlər, başa düşürlər. İngilis, Norveç səfiri, yaxud BMT-nin rezident-əlaqələndiricisi "orada nə işiniz var" sualını vermir. Deyirlər ki, siz Antarktidaya iddialı olacaqsınız? Bu mənim şəxsi işimdir öz həyatımı nəyə həsr edirəm. Qoy, bu işə birmənalı qiymət verməyən insanlar bulvarda domino oynaya-oynaya qocalsınlar".