Münsiflərin Səfurə Əlizadəni qalib elan etməsinə qarşı elə zaldaca güclü etirazlar baş verdi
.jpg)
"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi olaraq 17 yaşlı Səfurə Əlizadənin seçilməsi etirazla qarşılanıb. APA-nın məlumatına görə, təmsilçinin adı açıqlanmazdan əvvəl final gecəsinin aparıcıları İlham Qasımov və Hüsniyyə Məhərrəmova zaldakı tamaşaçıların rəyini bilmək məqsədilə final iştirakçılarının adlarını çəkiblər.
Həm "Milk&Kisses" qrupu, həm də Məryəm Şabanovanın adı sürəkli alqışlarla qarşılansa da, Səfurə Əlizadənin adı açıqlananda alqış sədaları eşidilməyib. Təmsilçinin Səfurə Əlizadə olduğu açıqlananda isə final konsertini canlı izləyən tamaşaçılar, eləcə də Azərbaycanın "Eurovision" müsabiqəsi üzrə rəsmi fan-klubu olan "Ogae Azerbaijan" etiraz edib. Tamaşaçılar öz etirazlarını yerli media nümayəndələrilə bölüşüb və nəticədən qane olmadıqlarını vurğulayıb.
Qeyd edək ki, Azərbaycanı 55-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin seçilməsində tamaşaçı səsverməsindən istifadə olunmayıb. Təmsilçi milli münsiflər heyəti tərəfindən müəyyənləşib.
"Eurovision-2010" müsabiqəsi bu ilin mayında Norveçin paytaxtı Osloda "Telenor Arena"da keçiriləcək. Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında 16 ölkə ilə birlikdə yarışacaq.
Qeyd edək ki, final mərhələsinin qalibi münsiflər heyətinin üzvləri - İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən seçilib.