.jpg)
Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Hadisə martın 1-dən 2-ə keçən gecə baş verib. Gürcüstan vətəndaşı, 1950-ci il təvəllüdlü Məyli Məmmədov Bakıda yaşayan qızı, 1974-cü il təvəllüdlü Rahilə Ənsərovanın evinə qonaq gəlib. Gecə yarısı Gürcüstana geri qayıdacağını bildirən ata qızından onu yola salmağı xahiş edib.
Yaşadıqları binanın həyətindəki zibilliyin yanına çatanda M.Məmmədov özü ilə gətirdiyi bıçaqla qızını başını kəsərək qətlə yetirib.
Bu barədə polisə məlumat daxil olan kimi, dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən M.Məmmədov saxlanıb.
Polis tərəfindən dindirilən M.Məmmədov hadisəni namus üstündə törətdiyini və Gürcüstandan Bakıya məhz qızını öldürmək məqsədilə gəldiyini etiraf edib.
ANS TV-nin məlumatına görə, Gürcüstanın Marnueli rayonundan olan Məyli Məmmədov dindirilmə zamanı hüquq-mühafizə orqanlarına bildirib ki, rayonda olarkən 36 yaşlı qızı Rahilə Ənsərova barədə heç də xoş olmayan məlumatlar eşidib. Bundan sonra qızının sürdüyü həyat tərzinə görə ona bir neçə dəfə xəbərdarlıq edib. Etdiyi nəsihətə əməl edilmədiyini düşünən ata bu dəfə daha sərt qərar verərək Bakıya üz tutub.
Fevralın 1-də qızının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 1-də kirayə yaşadığı mənzilə gələrək qızı ilə söhbət edib, sonra onu ürəyində tutduğu planı həyata keçirmək üçün bayıra çıxarıb. Nə qədər əsəbi olsa da, qətli azyaşlı uşaqların gözü qarşısında törətmək istəməyib. Təxminən saat 21:00 radələrində Gürcüstana qayıtmalı olduğunu bildirərək, qızının onu ötürməsini istəyib. Mənzildən bir az aralıda yerləşən Hacıyev küçəsindəki qarajların yanına çatanda üzərində olan bıçaqla qızına boğazının ön nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət yetirib.
Rahilə Ənsərova hadisə yerində keçinib, ata isə polisə gedərək törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Rahilə Ənsərova həyat yoldaşından ayrıldığına görə 3 uşaqla kirayə tutduğu evdə yaşayırmış.