.jpg)
Cənubi Qafqazda yenidən müharibə küləkləri əsməyə başlamaqdadır. Hər halda, Rusiya generalitetinin mövqeyi belə bir qənaətə gəlməyə əsas verir. Söhbət, konkret olaraq, Rusiya və Gürcüstan arasında yeni müharibənin başlaya biləcəyindən, özü də bu günün elə də uzaqda olmamasından gedir.
Müharibənin başlana biləcəyinə dair yeni xəbərdarlıq isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Nikolay Makarov tərəfindən səsləndirilib. "Russia Today" televiziyasına müsahibəsində o bildirib ki, Gürcüstanla daha bir müharibənin başlanacağı istisna edilmir. General, konkret olaraq, Gürcüstan prezidenti Mixail Saakaşvilini də hədələyib: "İkinci müharibə Saakaşvili üçün daha pis qurtaracaq". Onun sözlərinə görə, Saakaşvilidən çox şey gözləmək olar: "Proqnozlaşdırılması mümkün olmayan psixologiyaya malik bu adamın prezidentimiz tərəfindən Rusiyada persona-non-qrata elan edilməsini tamamilə düzgün addım sayıram".
Bu günlərdə Dmitri Medvedyev bununla bağlı qeyd edib ki, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə heç bir iş birliyinə getməyəcək: "Saakaşvili Rusiya üçün persona-non-qratadır. 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verənlərə görə də birbaşa məsuliyyəti Saakaşvili rejimi daşıyır".
Qeyd edək ki, Rusiya prezidenti Mixail Saakaşvilinin Cənubi Osetiyada baş verənlərə görə nə vaxtsa cavab verməli olacağını da bildirib: "Hər kəs əməllərinə görə cavab verməlidir. Kimsə bu cür əmələ, xüsusilə də prezident ola-ola yol verirsə, onun da məsuliyyətə cəlb olunması vaxtı yetişəcək".
Onu da bildirək ki, bu günlərdə Abxaziyanın "lprezidenti" Sergey Baqapşın Medvedyevlə danışıqlarından sonra tərəflər arasında 10 əməkdaşlıq sazişi, həmçinin Abxaziyada Rusiya hərbi bazasının yaradılması haqqında razılaşma imzalanıb. Medvedyev bunun hələ başlanğıc olduğunu, tərəflər arasında əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyini söyləyib. Abxaziyada Rusiyaya məxsus hərbi bazanın yaradılmasına dair razılaşma 49 il üçün nəzərdə tutulur. Sənəddə 49 ilin tamamında onun müddətinin daha 15 il uzadılmasının mümkünlüyü də əks olunub.
Məhz bu hərbi bazadan Gürcüstana qarşı istifadə istisna olunmur. Digər bir versiyaya görə isə, Moskvada sadəcə Saakaşvilinin aradan götürülməsi variantı üzərində də xüsusi dayanılır. Yeri gəlmişkən bildirək ki, Saakaşvili mühafizəsilə məşğul olan heyəti dəyişib.
Bu isə dövlət başçısının həyatından narahat olduğunu göstərir. Saakaşvilinin mətbuat katibi Alana Qaqloyeva isə mühafizəçilərin yalnız bir neçəsinin dəyişildiyini bildirib. Dövlət Mühafizə İdarəsi məsələyə şərh verməyib. Xatırladaq ki, bu yaxınlarda Gürcüstanın sabiq xarici işlər naziri Salome Zurabişvili bildirib ki, tezliklə Mixail Saakaşviliyə sui-qəsd oluna bilər. Onun fikrincə, prezidentin yaxın çevrəsi onun siyasi perspektivinə inanmadığı üçün belə bir varianta əl ata bilər:
"Hakimiyyət komandasında Saakaşvilinin siyasi gələcəyinin üstündən xətt çəkildiyini düşünənlər var. Hər halda, bunu istisna etmək olmaz. Ona görə də Saakaşvilinin yaxın çevrəsi onun aradan götürülməsi prosesinə start verə bilər. Buraya prezidentin qətlə yetirilməsi variantı da daxildir".
Zurabişvili dövlət başçısını ehtiyatlı olmağa da çağırıb: "Saakaşvilinin yerində olsaydım, ehtiyatlı hərəkət edərdim".
Lakin o da faktdır ki, Rusiya üçün daha məqbul variant yeni müharibə ilə Mixail Saakaşvili hakimiyyətinə son qoymaqdır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Nikolay Makarovun fikirləri də bunu deməyə əsas verir. Müharibənin nə vaxt başlayacağına dair isə hələ ötən ildən konkret proqnozlar verilməkdədir. Məsələn, tanınmış rusiyalı analitik, birinci Rusiya-Gürcüstan müharibəsini də qabaqcadan proqnozlaşdıran Pavel Felgenhauer bildirir ki, Rusiyanın növbəti hücumu "qələbə sonluqlu müharibə" olacaq. Rusiyalı ekspert deyir ki, Gürcüstana hücum üçün Rusiyadan ötrü ən münasib vaxt iyul-avqust ayları ola bilər - dağ yolları asanlıqla keçilə bildiyi vaxtlarda. Onun sözlərinə görə, Rusiya ordusunun oktyabrda qış qapını kəsdirənəcən iki ay vaxtı olacaq. Maraqlıdır ki, Rusiyanın "Vedomosti" qəzeti Amerika hərbi təlimatçılarının dağ şəraitində müharibə taktikasını öyrətmək üçün gürcü ordusuna təlim keçdiyini yazıb.
Gürcüstanın özündə hadisələrin hansı sonluqla bitəcəyinə münasibət fərqlidir. Məsələn, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hesab edir ki, ölkəsi ilə Rusiya arasında münasibətlərin 2013-cü ilin yanvarından tez qaydaya düşməsi mümkün deyil.
Şevardnadze bu fikri məhz həmin tarixdə prezident Mixail Saakaşvilinin fəaliyyət müddətinin başa çatması ilə əlaqələndirib: "Hazırda iki ölkənin münasibətləri o qədər pisdir ki, onların düzəlməsi üçün ən azı 3-5 il vaxt tələb olunur". Şevardnadze onu da bildirib ki, Gürcüstan Rusiya ilə münasibətləri qaydaya salmadan sakit yaşaya bilməyəcək. Gürcüstan parlamentinin sabiq spikeri, hazırda müxalifətçi "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasına rəhbərlik edən Nino Burcanadze "Rezonansı" qəzetinə bildirib ki, Saakaşvili rusiyalı həmkarı Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşmək üçün cəhdlər göstərir. Onun sözlərinə görə, Saakaşvilinin bu istiqamətdə ardıcıl cəhdləri nəticə vermir: "Saakaşvili Medvedyev və Putinlə görüşmək üçün Rusiyaya bir-birinin ardınca elçilər göndərir. Lakin onlar Saakaşvilinin görüş təkliflərini qəbul etmir. Saakaşvili onlarla, açıq olmasa da, gizli görüş keçirmək üçün cəhdlər göstərir".