"Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
Ölkə üzrə bütün bank POS terminallarının 91 faizi Bakıda yerləşir
Azərbaycanda iqtisadi sferada, artıq bir neçə ildir ki, gündəmdə olan məsələlərdən biri də ticarət,xidmət və digər belə obyektlərdə POS terminalların quraşdırılmasıdır. Lakin araşdırmalar göstərir ki, bu sahədə hələ də istənilən nəticə əldə olunmayıb. Bunun əsas səbəblərindən biri isə yerli kommersiya banklarının qeyd olunan məsələyə o qədər də maraq göstərməməsidir.
Bankların bu sahə üzrə fəaliyyətindən danışmazdan öncə qeyd edək ki, POS terminal ticarət və xidmət müəssisələrində müştərilərin plastik kart vasitəsilə nağdsız ödənişlər aparması üçün istifadə edilir. Azərbaycanda son zamanlar plastik kart bazarında müşahidə olunan artım-plastik kart istifadəçilərinin sayının gündən-günə artması nağdsız ödənişlərə və POS terminallara ehtiyacı artırır. Digər tərəfdən, POS terminalın ticarət və xidmət müəssisəsi üçün xeyli üstünlükləri var. Məsələn, onlardan istifadə zamanı nağdsız əməliyyatlar inkassator xidmətlərinə ehtiyacı azaldır. Həmçinin, nağdsız əməliyyatlar kassirlərin işini asanlaşdırır və səhv hesablaşmaların qarşısını alır. Bundan başqa, məlumdur ki, nağdsız əməliyyatların aparılması daha rahatdır, ödəniləcək məbləğləri yuvarlaqlaşdırmağa ehtiyac qalmır və məbləğ dəqiq hesablanır. Digər tərəfdən, qalıq məbləğin müştəriyə qaytarılması üçün iri əskinası kiçik əskinaslarla əvəz etməyə ehtiyac qalmır
Araşdırmalar göstərir ki, hazırda ölkədə fəaliyyət göstərən 46 bankın 14-ü POS-terminalların quraşdırılması sahəsində xidmət göstərmir ki, bu da bütün bankların 30%-ni təşkil edir. Mərkəzi Bankın məlumatına görə, hazırda 32 bank POS terminal quraşdırmağa üstünlük verir. 14 bank isə belə xidmət göstərmir. POS terminal quraşdırmayan banklar arasında "AF-Bank", "Paşa Bank", "Poçtbank" kimi bankların da adı var. Eyni zamanda, xarici ölkə banklarının filialları da (Melli İran Bank, Pakistan Milli Bankı) bu xidməti göstərmir.
8 bankda POS terminalın quraşdırılması üçün ilkin depozit tələb olunmur. Bu bankların sırasına "Atrabank", "Kapital Bank", Azərbaycan Sənaye Bankı, Yapı Kredi Bank, Muğanbank və "Nikoyl" Bank daxildir. Banklar arasında ən yüksək depozit miqdarı (840 manat) isə Xalq Bankında tələb olunur.
POS terminala xidmət haqqının ən aşağı həddi "Dekabank"da (0,03%), ən yüksək həddi (2,6%) isə "Debüt Bank"dadır. Ən az aylıq xidmət haqqı "Parabank"dadır. Bu bankın göstərdiyi aylıq xidmət haqqının dəyəri 5 manatdır. "Dekabank" və "Texnikabank"da isə ümumiyyətlə aylıq haqq tələb olunmur.
Xidmət göstərdiyi kartların sayına görə Bank Standard və Beynəlxalq Bank üstünlük təşkil edir. Bu banklar 4 karta xidmət göstərir. Bank Standard VİSA, Master Card, DClub və Lokal kartları Beynəlxalq Bank isə VİSA, Master Card, American Express və Lokal kartları ilə işləyir.Bir sıra banklar yalnız bir karta xidmət göstərir. Məsələn, "Azər-Türk bank", "Günay" və "Dekabank" Lokal, "Kredobank", "Nikoyl" və "Atabank" VİSA, "Debüt", "Rabitəbank", "Turanbank" və Yapı Kredi Bank isə Master Card kartlarına üstünlük verir.
Xatırladaq ki, hazırda ölkədə 8657 POS terminal fəaliyyət göstərir. Bütün terminalların 91%-i Bakının, 9%-i isə regionların payına düşür. POS terminalların 91%-i pərakəndə ticarət, ictimai iaşə və digər xidmət müəssisələrində quraşdırılıb.
"İqtisadi forum" jurnalının məlumatına görə isə, 2009-cu ildə ölkə üzrə 533 POS terminal quraşdırılıb. Ümumilikdə POS terminalların sayı 8124-dən 8657-ə yüksəlib. Bütün terminalların 91%-i və ya 7871-i Bakının, 9%-i və ya 786-si isə regionların payına düşür. Ötən ilin dekabr ayında 44 POS terminal quraşdırılıb ki, bunların da hamısı paytaxtın payına düşüb. Həm noyabrda, həm də dekabrda regionlarda POS terminal quraşdırılmayıb.
Onu da bildirək ki, POS terminalların sayının azlığı da ciddi problem kimi dəyərləndirilir. Bu, ilk növbədə nağdsız ödəmə sisteminin inkişafının qarşısını alır ki, sonda belə vəziyyət vergidən yayınma hallarının miqyasının artmasına təkan verir. Bunun nəticəsidir ki, yerli mağazaların əksəriyyəti POS terminallardan istifadədən imtina edir. Elə mağazalar da var ki, orada kart vasitəsilə pul ödəmək alınan malın qiymətinin 3 faiz bahalaşmasına gətirib çıxarır. Halbuki, adi bankomatlardan pul götürülərkən cəmi 1 faiz tutulur.
Qeyd edək ki, əslində nağdsız ödəmə sisteminin geniş tətbiqinə 2008-ci il yanvarın 1-dən başlanmalı idi. Bu məqsədlə POS terminallar sisteminin geniş şəkildə quraşdırılması işinə də start verilməli idi. Lakin məsələ hələ də öz həllini tapmayıb.
Bununla belə, məlumatlara görə, yaxın gələcəkdə Azərbaycanda mobil POS terminalların tətbiqi nəzərdə tutulur. Vergilər Nazirliyi hələ ötən ilin sonlarında bəyan edib ki, müasir informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir və mobil POS terminalların tətbiqi də nazirliyin diqqət mərkəzindədir. Məlumatlara görə, mobil POS terminallar küçələrdə, ictimai yerlərdə kiçik alverin aparıldığı məntəqələrdə qurulacaq.
Tahir TAĞIYEV