Nazim Məmmədov: "Həmin təkliflər qlobal işsizlik və iqtisadi artım səviyyəsinə təsir edəcək tövsiyələrdir"
.jpg)
Hazırda dünya iqtisadiyyatı qlobal maliyyə böhranının yaratdığı fəsadları aradan qaldırmaqla məşğuldur. Lakin buna baxmayaraq, böhran hələ də öz sözünü deməkdədir. Bunu əksər ölkələrdə davam etməkdə olan iqtisadi geriliklərdən aydın görmək mümkündür.
Bu arada, Beynəlxalq Valyuta Fondu mərkəzi banklara maliyyə böhranının aradan qaldırılması üzrə tədbirlərə yanaşmanı köklü surətdə dəyişmək təklifində bulunub. Təklifə görə, banklar inflyasiyanın hədəf səviyyəsini "sülh" dövründə 4 faizə qədər qaldıra bilər. Hazırda dünyanın əksər mərkəzi banklarında isə inflyasiyanın hədəf səviyyəsi 2 faiz arasındadır. Azərbaycanda bu rəqəm keçən il 2,5 faiz idisə, bu il 3 faiz olacağı proqnozlaşdırılıb. BVF-nin baş iqtisadçısı Olive Blanşar mərkəzi banklara inflyasiya səviyyəsini qaldırmağı və resessiyanın təkrarlanması ehtimalını azaltmaq üçün hazırkı dövrdə onun tempini çox da saxlamamağı tövsiyə edib. BVF ekspertlərinin hazırladığı məruzədə qeyd edilir ki, requlyatorlar iri maliyyə böhranlarının aradan qaldırılması üzrə tədbirlərə yanaşmaya yenində baxmalıdır. Fond tövsiyələrin birində mərkəzi banklara təklif edir ki, böhranın aradan qaldırılması zamanı ul-kredit tənzimlənməsi sferasında fəaliyyətə sərbəstlik yaratmaq məqsədilə adi vaxtlarda yüksək inflyasiya səviyyəsinə səy göstərilməlidir.
Blanşarın fikrincə, böhran olmayan dövrdə 4 faizlik inflyasiya şəraitində uçot dərəcələri 6-7 faiz təşkil edəcək və mərkəzi banklar zərurət olduqda onu azaldacaq. Fondun digər təklifi bankların xilası ilə bağlıdır. Ekspertlərin gəldiyi qənaətdən biri də budur ki, bankların xilası tədbirlərindən imtina edilməlidir. Cari ildə Azərbaycanın dövlət büdcəsində neftin bir barreli 45 dollardan götürülüb. Halbuki, həmin vaxt və indi də neftin qiyməti 70-80 dollar arasında var-gəl edir. Yəni qiymət məsələsində bir növ stabilliyin yarandığı göz önündədir. Bu onu deməyə əsas verir ki, cari ilin ortalarında hökumət büdcə məsələsinə yenidən qayıda bilər. Belədə isə indi proqnozlaşdırılandan çox investisiyanın daxil olacağı
gözlənir ki, bu da son nəticədə inflyasiyanın da artması deməkdir. Yəni iqtisadi inkişaf olan yerdə inflyasiyanın artması da zəruridir. Bankların durumuna gəldikdə, ölkəmizdə bir sıra kommersiya banklarının hətta iflic vəziyyətdə olduğu barədə məlumatlar var. Bundan çıxmaq üçün isə bəzi mütəxəssislər tərəfindən vaxtilə belə fikirlər səslənirdi ki, pulun istehsalata yönəldilməsi şərtilə xaricdəki neft vəsaitlərinin bir hissəsi banklara istifadəyə verilsin. Bu təklif hökumətin nəzərində olsa da, indiyə kimi reallaşmayıb. Amma hökumət uçot dərəcəsinin aşağı endirilməsi istiqamətində addımlar atdı. Bu mənada, Azərbaycanda bankların xilas tədbirlərinə əl atılsa da, həmin hal bizdə bir sıra digər ölkələrə nisbətən elə də geniş vüsət almayıb. Görəsən, BVF-nin yeni tövsiyələrinə yerli iqtisadçılar necə baxır?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov hesab edir ki, Beynəlxalq Valyuta Fondunun banklara inflyasiya səviyyəsini tövsiyə etməsi heç kəsi narahat etməməlidir: "Nəzəriyyədən bilinir ki, iqtisadi fəallığın artırılması üçün bəzən inflyasiya tempinin yüksəldilməsi tövsiyə olunur. İnflyasiya bəzən işsizliyin azalmasını da stimullaşdırır. Çünki məhsul çox istehsal edildikcə, ona tələbat artdıqca, deməli sahibkarlar da ora yönəlir. Bazar onu tənzimləyir və həmin istiqamətlərə investisiya qoyulmağa başlanır. İnvestisiyanın çox olması, təbii ki, inflyasiya da yaradır. Eyni zamanda yeni iş yerləri də açılır ki, bu da işsizliyin azalmasına səbəb olur. Bu baxımdan, BVF makroiqtisadi nəzəriyyəçi qismində çıxış edərək, yəqin ki, məhz bunu tövsiyə edib". Həmsöhbətimizə görə, həmin təkliflər qlobal işsizlik və iqtisadi artım səviyyəsinə təsir edəcək tövsiyələrdir: "Güman etmirəm ki, ona hər yerdə adekvat cavab veriləcək, çünki hər bir ölkənin maliyyə iqtisadi böhrandan çıxış üçün öz proqramları mövcuddur. Dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı bir neçə təzadlı rəqəm vardı. Bunlardan biri də inflyasiyanın 3 faiz olması ilə bağlıdır. İqtisadi artım isə 6,8 faiz proqnozlaşdırılıb. Nəzəriyyədən bu da məlumdur ki, bu qədər iqtisadi artım olan yerdə, heç olmasa, göstərilən rəqəmdən bir qədər artıq inflyasiya da ola bilər. Bu baxımdan, mən proqnozların dəyişəcəyini dilə gətirmişəm. Güman edirəm ki, 2010-cu ildə xarici amillərlə bağlı olaraq inflyasiya heç də iqtisadi artımdan aşağı olmayacaq, təqribən 8 faiz olacaq. Beynəlxalq maliyyə qurumları elan edib ki, 2010-ci ilin birinci yarısından sonra ölkələrin əksəriyyətində böhran tarixdə qalacaq. Bu baxımdan, iqtisadi fəallıq artacaq, deməli inflyasiya da indi nəzərdə tutulduğu kimi 3 faiz deyil, daha yüksək olacaq. İqtisadi fəallığın artırılması üçün inflyasiyanın tənzimlənməsi də mütləqdir. Yəni inflyasiya olmasa, sahibkarlarda vəsait yatırmağa maraq da olmaz. O, əlavə gəlirdə maraqlıdır, əlavə gəlir isə inflyasiya deməkdir. Biz isə inflyasiyanı başqa alətlərlə cilovlamalı, insanların real gəlirlərini inflyasiyanın yeminə çevirməməliyik".
N. Məmmədov bankları xilas tədbirlərindən imtinanın Azərbaycana elə də aidiyyəti olmadığını düşünür: "Bizdə qlobal çərçivədə Azərbaycan banklarının xilas edilməsi tədbirlərinə rast gəlməmişəm. Koridorların azaldılması, ehtiyat üçün saxlanan vəsaitlərin faizlərinin aşağı endirilməsi xilas tədbirləri sayıla bilməz. Bütün bunlar elə də geniş çeşidli deyil. Biz hələ də kredit resurslarının az olmasının şahidiyik. Kredit faizləri çox yüksəkdir, amma kredit bazarında stabillik yoxdur. Müəyyən bankların nizamnamə kapitallarının normadan aşağı olması, onların müştərilərə resursları verə bilməməsi, tələblə təklif arasında disproporsiyanın olması bankların hansı vəziyyətdə olduğunu göstərir. O baxımdan, bizdə bankların xilas tədbirlərinin yüksək səviyyədə olduğunun şahidi olmamışam. Ancaq bu istiqamətdə işlər də görülüb. "Azneft" şirkətinə, "Azəralüminium"a 1 milyard manata yaxın mərkəzləşdirilmiş qaydada resurslar verilib. İstərdim ki, bu vəsaitlərdən orta sahibkarlığa, tikinti şirkətlərinə, istehsal və xidmət sahələrinə də ayrılsın. Lakin əfsus ki, bunun şahidi olmadıq. Bu mənada, BVF-nin tövsiyəsi adətən böyük ölkələrə aiddir. Hansı ki həmin ölkələrin xilas tədbirləri, iqtisadiyyatlarına uyğun olaraq, bir neçə trilyon dollarla ölçülür".